Köhnə İçərişəhər

13 May

Bakı İçərişəhər, Bayırşəhər adları ilə iki hissəyə bölünürdü. İçərişəhər əsas idi. Hər şey burada yerləşmişdi. Bakının yerli əhalisi burada sakin olduğu kimi bazar, böyük ticarətxanalar, əsnaf, hökumət idarələrinin çoxusu, məscidlər, hətta rus çarizminin istilasından sonra tikilən rus kilsəsi, əsgəri qazarma da burada idi. Şəhərin bu hissəsi üç hissədən hasarla əhatə olunmuşdu (bu hasar indi də mövcuddur).

Deyilənə görə, bu hasar ikiqat olub şəhəri yalnız qurudan deyil, dəniz tərəfdən də mühafizə edirmiş. Rusiya ordusu Bakını işğal etdikdən sonar bu hasarın bir hissəsi sökülüb dağılmış, yalnız içəri hasar saxlanmışdır.

İçərişəhərin hazırda beş darvazası varsa da, keçmişdə bunlar dörd imiş. Birincisi qoşa qala qapısıdır. Əvvəllər orda tək darvaza olub. Azərbaycanı istila edən general Sisianov həmin bu darvazanın qabağında Bakı xanın tapşırığı ilə öldürülmüşdür. Sonralar Bakı bələdiyyəsi onu sökdürüb hazırki şəkilə salmışdır. Sabir bağının yanındakı qapını isə sonradan Bakı taciri və mülkədarlarından biri açdırmışdır. Bu adama Qatır Hacı Zeynalabdin deyərdilər. Elə Qatır ləqəbini də ona qazandıran bu darvaza olmuşdur. Həmin bu mülk sahibinin Sabir bağının sağ tərəfində üz-üzə iki cərgə dükanları var imiş. Bazardan bir qədər uzaq oldugu üçün heç kim Hacıdan dükan icarəyə götürmürmüş və buna görə də Hacının dükanları uzun müddət boş qalır. Hacı buna görə də Bakı bələdiyyəsindən icazə alıb həmin darvazaları açdırır. Və nəticədə həmin tərəfdən gediş-gəliş çoxalır və Hacının dükanlarına da müştəri tapılır. Məhz bu gözüaçıqlığına görə ona Qatır ləqəbini qoyurlar.

İçərişəhərin üçüncü darvazası (keçmiş Sənaye Politexnikomunun) indiki İqtisad universitetinin həyətinə açılırdı. Həmin vaxt oralar boş sahələr idi və ora Kömür meydanı da deyərdilər. Sonralar Sənaye Politexnikomu tikiləndə həmin darvaza bağlandı və (Köhnə Bakı Sovetinin) indiki Bakı İcra Hakimiyyətinin arxasından yuxarıya doğru pilləkanlar tikildi.

Dördüncü indiki İçərişəhər metrosunun arxasındakı darvazadır. Bu darvaza da indi belədir, əvvəllər çox alçaq və balaca olmuşdur. Beşincisi isə (keçmiş Qubernator və İnqilab) indiki Flarmoniya bağına açılan qapıdır.

Bayırşəhər hasardan bayırda olan hissəyə deyilirdi. Vaxtilə bakılılardan heç kim Bayırşəhərdə ev tikib yaşamaq istəməzmiş. Burada yerləşənlər əsas etibarilə, ətraf kəndlərdən və başqa şəhərlərdən gələnlər idi. Buna görə də içərişəhərlilər bayırşəhərlilərə hər zaman həqarətlə baxırdılar. Onlara “ayaqyalın bayırşəhərli” deyərdilər.

İçərişəhərdə Cümə məscidinin qabağından başlayıb Qız qalasının yanından, bir ucu qoşa-qala qapısı gedən küçəyə, o biri ucu isə Qız qalasının dibindən dəniz kənarına çıxan küçəyə doğru uzanmış bazar var idi. Bazarda bir çox dükanlar yerləşirdi ki, onların da qapıları yana yox, üst tərəfə açılırdı. Belə qapılara xəfəng deyərdilər.

Bu bazar iki hissəyə bölünürdü: Cümə məscidinin ətrafında olan hissə Aşağıbazar, Qız qalası yanında olan hissə isə Yuxarıbazar adlanırdı. Yuxarıbazara Üstüörtülü bazar da deyərdilər. Yuxarıbazarın hamısı üstüörtülü deyildi. Onun yalnız bir hissəsi örtülü idi. Bu hissə də Qız qalası yanından Çuxur karvansarayadək olan hissə idi. Buradakı dükanlar qarşı-qarşıya, iki cərgə olub üstüörtülü bir bina içinə sığışdırlımışdı. Burada böyük tacirlər, sərraflar yerləşmişdi.

Yuxarıbazarın qurtaracağında qarşı-qarşıya tikilmiş iki karvansara vardı ki, bunlara Qoşa karvansara deyərdilər. Aşağıbazarda xırda alış-verişçilər; baqqallar, dərzi və papaqçılar, Yuxarıbazarda isə bəzzazlar, xalçaçılar yerləşmişdi.

İçərişəhər doqquz məhəllədən ibarət idi. Hər məhəllə bir məscidin adı ilə adlanırdı. Cümə məscidi məhəlləsi, Şal məscidi məhəlləsi, Məhəmmədyar məscidi məhəlləsi, Hacı Qeyib məscidi məhəlləsi, Hamamçılar məscidi məhəlləsi, Sınıqqala məscidi məhəlləsi və Qasım bəy məscidi məhəlləsi. Hər məhəllənin hökumət tərəfindən təsdiq edilmiş bir mollası vardı.

Bakı camaatı içməli su üçün həmişə çətinlik çəkirdi. Əvvəllərdə İçərişəhər camaatı Şirin ovdandan (abdan) istifadə edirdi. Bu ovdan indi də mövcuddur. O, Xan sarayının yanındakı kiçik bağçanın günbatan səmtindədir. Bu ovdanın nə zaman və kim tərəfində tikildiyi məlum deyildir. Suyu şəhər xaricində kəhriz üsulu ilə qazılan quyulardan gəlirdi.

Bir Cavab to “Köhnə İçərişəhər”

  1. selena Mart 6, 2013 11:35 səhər #

    maraqli melumatdir amma Bakinin indiki halinin melumati da olsa cox yaxsi olar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: