Bakı

16 May

Dəli xəzrin də xoşdur,
asta gilavarın da.
Ağlı-qaralı şanın,
seyrəlmiş bağların da.
Qızınmışam qışında.
Donmuşam baharında.

Hər havası, hər fəsli
başqa bir aləm Bakı!
Arzumun bələdçisi,
könlümə həmdəm Bakı!
Qanadlı nəğmələrin
Gah zil, gah da bəm olur.
Yarpaqların, güllərin
niyə hərdən nəm olur.
Səndən ayrı düşəndə
sinəm dolu qəm olur.

Qucağında Xəzərim
yatıb dincələn Bakı!
Qarı, çiskin yağışı
əyri, köndələn Bakı!

Dünyada çox şəhər var
böyük, kiçik, miyana.
Xalqlar hörmət bəsləyir
gözəl təməl qoyana.
Hələ rast gəlməmişəm
tamaşandan doyana.

Qoynunda qərinələr
yanaşı duran Bakı!
Məhəbbətlə, ilhamla
yaradan, quran Bakı!

Sinəndə qatar-qatar
işıq karvanları var.
Polad keşikçilərdir
dörd yanında buruqlar.
Səndə kim qərib gəzib?
Qayğını kim unudar?

Ana kimi sevimli,
əziz, mehriban Bakı!
Şöhrətimi, adımı
daim qoruyan Bakı!

Dünyada çoxdur şəhər.
Sən mənim şəhərimsən.
Xoş ətirli baharım,
şəfəqli səhərimsən.
İftixarım, öyüncüm,
qələbəm, zəfərimsən.

Məhəbbəti könlümdə
dalğalı Xəzər Bakı!
Gələcəyi xəyalım
səninlə gəzər, Bakı!

Keçmişindən danışsam
sarayın var, qalan var.
Hər millətdən, hər eldən
sənə mehr salan var.
Böyük günlər yolçusu
min-min doğma balan var.

Bu günümün qüdrəti
şanım, şöhrətim Bakı!
Elim, günüm, məskənim,
eşqim, həsrətim Bakı!

Hələ neçə küçəndə
güllər dəstələnməyib.
Hələ böyük nəğmənin
xalı bəstələnməyib.
Yüz il ömür sürəydim,
bir gün xəstələnməyib.

Yazaydım, yaradaydım
şah nəğməni mən, Bakı!
Oxuyaydı dostların
onu ürəkdən, Bakı!

Rəsul Rza

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: