Dənizkənarı bulvar [slideshow]

16 May

Dəniz kənarında bulvar salmaq məsələsi Bələdiyyə idarəsində dəfələrlə müzakirə edilmişdisə də, əsl əməli işə yalnız 1909-cu ildə  istedadlı mühəndis Məhəmməd Həsən Hacınskinin rəhbərliyi altında başlanır. Bələdiyyə idarəsi bulvar salmaq üçün 60.000 manat pul buraxmağı qərara alır. Bakı varlıları da xeyli kömək edir. Layihə işlərində və təşkilat məsələlərində şəhərdəki bir neçə əzəmətli binanın və iki Kirxin müəllifi Adolf Eyxler ürəkdən iştirak edir. Bulvar şəhərin dəniz fəsadı olduğunu nəzərə alaraq müsabiqə elan edilir və tanınmış, adlı-sanlı memar və inşaatçı mühəndislər işə qoşulur. 30 memar-mühəndis müsabiqədə iştirak etməyə dəvət olunur. Fərdi sifarişlər yerinə yetirməyinə baxmayaraq bu müsabiqədə Zivərbəy Əhmədbəyov, Ploşko, Termikelov, Edel və tanınmış başqa istedadlı mütəxəssislər ürəkdən çalışırlar.

İlk mərhələdə bulvar “Qafqaz-Merkuriy” körpüsündən (Kukla teatrının binasından) Seyid Mirbabayevin (Azneft) binasınadək uzanacaqdı. Bu arada sahildə sınıq-sökük qayıqlar, köhnə yelkənli gəmilər vardı, çirkli sular axıb dənizə tökülürdü.

1910-cu ildə bulvarda əkilmiş ağaclar, kol-kos və çiçəklər artıq gözləri oxşayırdı. İki il müddətində buraya kənardan münbit  torpaq daşınmış, Azərbaycanın başqa bölgələrindən və hətta Avropadan belə müxtəlif nadir bitki növləri gətirilib əkilmişdir.  Bunlardan Eldar şamı, Hələb şamı, Türküstan qovağı, Livan kedri, Luzitan sərvi və başqalarını göstərmək olar.

Mühəndis N.Q.Bayevin layihəsi əsasında bulvarın qabağında əzəmətli, təmtəraqlı kupalni (dəniz hamamı) tikilir, bu da sahil küçəsinin və bulvarın hər cəhətdən bədiiliyini qat-qat artırır. Bu bina uzaqdan ağac şaxələri, yaşıl örtük və yarpaqlar arasından yay sarayını xatırladırdı. Kupalninin tikilməyi münasibətilə “Kaspi” qəzeti yazırdı: “Su üzərində ucalan Bakı dəniz hamamı diqqətə şayan gözəl bir binadır. Nitse istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl, geniş ikinci bir bina yoxdur”.

Sonrakı illər ərzində də Dənizkənarı bulvar inkişaf etmiş, 1950—1960-cı illərdə burada «Mirvari» kafesi, «Bahar» və S.Vurğun adına yay  kinosalonları, «Venesiya» su şəhərciyi və başqa istirahət obyektləri yerləşdirilmişdir.

1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi  nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7  kilometrə çatdırıldı.

Burada dəniz sahilində 50—70 metr enində yeni terras salındı. Şəhər sakinlərinin istirahəti üçün mədəniyyət ocaqları təşkil olundu.  Bunlardan əl oyunları stadionunun və «Sahil» kafesinin tikintisini, S.Vurğun adına yay kinosalonunun yenidən qurulmasını, Azadlıq  meydanı və Mərkəzi muzey binasının qarşısında fəvvarələrin quraşdırılmasını, yeni xiyabanların salınmasını, ümumiyyətlə bulvarın  kompleks şəklində abadlaşdırılmasını və inkişafını qeyd etmək olar. Azərbaycan Respublikasının həyatının hər sahəsində əldə olunmuş  nailiyyətlərin nümayişi üçün burada müasir sərgi pavilyonları quraşdırıldı.

Azərbaycan Elmlər Akademiyasının Botanika bağında becərilmiş dünyanın ən nadir ağac və bitki növləri bulvar ərazisinə köçürüldü. O  zamanlar Dənizkənarı park həqiqətən Bakı şəhərinin dəniz fasadını təşkil edən əsas amillərdən biri olmuşdur.

80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə  düşmüşdür. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə,  onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdir.

Beləliklə, Dənizkənarı bulvar öz tarixi simasını itirmiş və böhran vəziyyətinə gətirilmişdir.

Bu gün Bakı şəhəri yenə də özünün hərtərəfli inkişafı ilə fərqlənir. Hazırda onlarla müasir bina və komplekslərin inşası, onların yerli və  xarici investorlar tərəfindən maliyyələşdirilməsi Azərbaycan dövlətinin səyləri və beynəlxalq miqyasda qazandığı nüfuzu ilə bilavasitə  əlaqədardır.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: