Əmircan qəsəbəsi [slideshow]

24 May

Təbiət Aşeron yarımadasından heç nəyini əsirgəməyib. Bəlkə də əcdadlarımız buna görə Abşeronu özlərinə əbədi məskən seçib.

Əsrlərdən-əsrlərə keçən, ulu əcdadlarımızın məişət və qayğılarını bu günə kimi yaşadan qədim “şahidlər” təkcə qobustanda deyil, Abşeronun başqa yerlərində, o cümlədən Mərdəkan, Binəqədi, Bilgəh, Xırdalan və başqa yaşayış sahələrində aşkar edilmişdir.

Məlumdur ki, qədim insanlar məskən salarkən təbii şəraitin əlverişli, yaşayış üçün nisbətən rahat olmasına başlıca diqqet yetirmişdir. Belə yerlərdən biri də Əmircan ərazisi olmuşdur. Burada od, şirin su, duz toplamaq üçün şor və daldalanmaq üçün təbii mağaralar, zəngin bitki aləmi, bol ov hələ qədimdən insanlarıözünə cəlb etmişdir.

Əmircan yarımadanın cənub-qərbində yerləşir. Dörd tərəfi təpələrlə əhatə olunmuş bu qədim kəndin özü də təpə üzərində salınmışdır.

Bu yaşayış məskəninin ilk adı Xilə olmuşdur. “Xilə” rəvayətə görə, bu yerləri özlərinə məskən seçmiş eyni adlı qəbilənin adından götürülmüşdür.

Əmircan kəndin ikinci adıdır. “Əmircan” “Əmirhacıyan” sözünün təhrif olunmuş formasıdır. “Əmirhacıyan” “hacılar əmiri” deməkdir. Bir vəzifə, rütbə kimi Ərəb xilafəti zamanı meydana gəlmiş “əmir” sözünün mənası böyük, başçı, bəy deməkdir. Şirvan şahı və şeyxülislamı o vaxtlar Xilənin adlı-sanlı adamlarından olan mülkədar Əmir Nizaməddini əmirhac təyin edir. Əmir Nizaməddin XIV əsrdə bütün Bakı mahalında tanınmış, savadlı, mütərəqqi fikirli şəxslərdən idi. Əmircan adı da məhz Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlmişdir.

Çox qədim zamanlardan Xilə kəndinin ərazisindən karvan və araba yolu keçərmiş. Güman ki, bu yol Abşeronun bir çox kəndlərindən qədimdir. Abşeron yarımadasının düz ortasından keçən bu yol XIX əsrə qədər Pirallahıdan (indiki Artyom adası) Bakıya gedən yeganə karvan yolu olmuşdur. Xilənin içərisindən keçdiyi üçün bu yola bəzən Dərxilə də ( Xilə qapısı) deyərmişlər. Hazırda bu yolun bir hissəsi Razin və 8-ci kilometr qəsəbələrində, Suraxanı mədən yolu və indiki Binə-Mərdəkan şosesi hissəsində qalıb.

Vaxtilə Suraxanı yaşayış sahəsi də Əmircan kəndinin ərazisinə daxil idi. Onun nefti və qazı bütün Şərqdə məşhurdur. Bu bir tarixi həqiqətdir ki. Hələ Sasani şahları dövründə, sonralar da Ərəb xilafəti zamanı Abşeronun, o cümlədən Əmircanın neftindən və duzundan geniş istifadə edilirmiş.

Əmircan kəndi 1329-1330-cu illərdə tikilmş Nizaməddin məscidinin ətrafında salınır, böyüyürdü.

XVlll əsrin ll yarısı və XıX əsrin əvvəllərində yaşamış qədim nəsillərdən bizə məlum olan A.Bakıxanovun atası II Mirzə Məhəmməd xan, deyilənə görə, hələ onun babası da Əmircanda Nizaməddin mülkündə yaşamışlar. Məscidin ətrafında qədim kəndin yerində bir neçə qədim nəslə malik olan evlər evlər qalmaqdadır. Şəriflər, Hacı Hacıbaba, Hacıbəy Bəbir, Hacı Şeyda bəy, Şıx Nəcəf, Hacı nəzərli, Aydəmir, Dəmirqaya, Şahpulat nəsilləri burada yaşamışlar.

Ağ neft Əmircanın ən mühüm təbii sərvətlətindən biri idi. Əhalinin digər qazanc mənbəyi duz idi. Kəndin “Şor” (mədən) adlanan hissəsində çıxarılan duz, dadı və təmizliyi ilə məşhur imiş. Ona görə də bu “Şor”dan çıxarılan duz tezliklə satılar və yaxşı qazanc gətirərdi.

Əmircanlılarda lap qədimdən sənətə meyl olmuşdur. Bu qədim sənət növlərindən biri xalçaçılıqdan ibarət idi. Əmircanlıların  toxuduğu Xilə, Xiləputa, Xilə-Əfşan xalçaları dünya bazarlarında  yüksək qiymətləndirilirdi. Moskvada Dövlət  Tarix muzeyində XVIII əsrdə toxunmuş Xiləputa xalçası saxlanılır.
Böyük Vətən Müharibəsi illərində  yüzlərlə əmircanlı oğlan və qızlar da  düşmənə qarşı vuruşmaq, öz vətənpərvərlik borcunu yerinə yetirmək üçün cəbhəyə yola düşdülər. Əmircan fəhlələri cəbhəni yanacaq, silah, hərbi sursat, paltar və sairə təmin etmək, faşizm üzərində qələbə çalmaq üçün gecə-gündüz əmək növbəsində  dururdular. Böyük Vətən müharibəsində həlak olmuş Əmircanlıların xatirəsinə qəsəbənin mərkəzində abidə ucaldılıb.
Qarabağ uğrunda gedən döyüşlərdə də mərd Əmircan oğul-qızları fədakarlıqla erməni qəsbkarlarına qarşı vuruşmuş, misilsiz qəhrəmanlıqlar göstərmişlər.  Bu döyüşlərdə 63 əmircanlı şəhid olub, qəsəbədəki «Şəhidlər xiyabanı»nda  uyuyurlar. Onların əziz xatirəsinə qəsəbənin bir sıra küçələri, məktəbləri, uşaq bağçaları və s. adlandırılıb.
XIX əsrin son rübündə kəndin kənarında salınan dəmir yolu iqtisadi inkişafa təkan verdi. 1873-cü ildə Bakıda dar xətli dəmir yolu çəkilməsi üçün Abşeron şirkəti təşkil olundu. 1880-ci il yanvarın 20-də Bakını Balaxanı-Sabunçu-Suraxanı ilə birləşdirən həmin yol işə salındı.

Mədəniyyət və tarixi abidələr

Əmircanda yerləşən Atəşgah məbədi Azərbaycan xalqının simvollarından biridir. Rəvayətə görə, Makedoniyalı İsgəndər Zülqərneyn Azərbaycana yürüşü zamanı (eramızdan əvvəl təxminən 335-325 illər arasında) Atəşgahı dağıtmışdır. İrandan qovulmuş atəşpərəstlər isə 636-cı ildə Atəşgahı bərpa etmişlər. Yeddi il sonra Ərəb xilafəti zamanı Atəşgah yenidən dağıdılmışdır. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olmuşlar.
Atəşgah  haqqında çoxlu mənbələrin olması bu abidə barəsində  tam təsəvvür  yaratmağa imkan verir. Bu yazılı mənbələrin  əsasında bir neçə məqalə, əsər yazılsa da, ən dəyərlisi və ümumiləşdiricisi  tanınmış tarixçi-alim S.B.Aşurbəylinin 1990-cı ildə çapdan çıxmış «Orta əsrlər Azərbaycanın Hindistanla iqtisadi və mədəni əlaqələri» əsəridir və onun  qısa xülasəsi  ondan ibarətdir ki, hələ çox  qədim zamanlarda Suraxanı qaz çıxıntınları bura insanları cəlb  etmiş, oda sitayiş dövrlərində məbədləri inşa edilmiş, ərəblərin gəlişi dövrlərində  isə islamın yayılması bu «küfr» ocaqlarını ləğv etmişdir. Müqəddəs odun sorağıyla bura axışan insanlar  hindlilərin etiqadlarını  davam etdirir və bu ərazidə memarlıq kompleksi yarada bilmişlər.
Atəşgahın ən qədim yazısı 1713-cü, ən son yazısı isə 1827-ci ilə aid edilir. Təkçə bir yazı (8№-li otağın üstündəki) fars dilindədir, qalan yazılar isə hindustani dilində qurmuki əlifbası ilə yazılmışdır. Bütün yazıların ilk cümlələri sanskrit dilindədir, Müdriklik allahı Qaneşeyə təriflə başlayır.
Atəşgah məbədi bir tarixi abidə kimi Dövlət tərəfindən qorunur və burada yaradılan muzeyə hər gün dünyanın  müxtəlif yerlərindən onlarla turist  gəlir.
Kəndin ən qədim  tarixi abidələrindən biri XIV əsrdə tikilmiş Nizaməddin məscididir. Bu memarlıq abidəsini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Elmi mənbələr, kitabələr daha etibarlı şəkildə göstərir ki, kəndin Əmircan adlanması XIV əsrə aiddir.  Hazırda  Nizaməddin məscidi dövlət  tərəfindən memarlıq abidəsi kimi qorunur.
Mühafizə edilən abidələrdən biri də Əmirhac türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir.
Kəndin ərazisi mədəni abidələrlə, mağaralarla zəngin olub. Belə mağaralardan biri də indiki  Bakıxanov dağının ətəyində idi. Rəvayətlərdən məlum olur ki, burada iki kaha varmış. Bunların birində yüzlərlə adam tuta biləcək və at batlamaq üçün xüsusi yerlər düzəldilibmiş. Burada onları içməli su  ilə təmin etmək üçün daşdan yonulmuş su anbarlarından istifadə edilərmiş.  Tayfalar, kəndlər arasında iğtişaşlarda yüzlərlə adamı ölümdən qurtaran bu mağaranın ikinci salonu çox geniş və dərindir.
Kənddə memarlıq sahəsində də böyük müvəffəqiyyətlər əldə edilmişdir. 1908-ci ildə  Əmircanlı neft milyonçusu Murtuza Muxtarovun sifarişi ilə  Zivərbəy Əhmədbəyovun layihəsi əsasında qoşa minarəli məscid  inşa edilmişdir.
Z.Əhmədbəyov ilk ali təhsilli azərbaycanlı memar olmuşdur. O, Bakı Quberniya idarəsində çalışmış, sonralar isə Bakı şəhərinin baş memarı olmuşdur.  Əmircan qəsəbəsindəki 40m hündürlüyündə olan bu  məscidi isə Şərq memarlığının incisi adlandırılır. Azərbaycanın heç bir yerində bu hündürlükdə məscid yoxdur.   Məscidi  əmircanlı ustad sənətkar Kərbəlayi Əhməd Səməd oğlu  tikmişdir. İkinci ustad sənətkar isə Mirzə Məlik Abbasqulu oğlu olmuşdur. Onun kənddə  tikdiyi Məhəllə məscidi, Binə kəndində tikdiyi məscid, mədəniyyət evi təqdirəlayiq memarlıq nümunələrindəndir.

Bu slaydşou üçün JavaScript lazımdır.

Qəsəbənin tanınmış şəxsiyyətləri

Abbasqulu Ağa Bakıxanov- Azərbaycan xalqının görkəmli simalarından biri 1794-cü il  iyulun 3-də anadan olmuşdur. O, sonuncu Bakı xanı II Mirzə Məhəmmədin oğludur. El onu  Qüdsi deyərək çağırmışdır. Çar ordusunun polkovniki rütbəsində olub. O, XIX əsrin birinci yarısında görkəmli Azərbaycan tarixçisi, maarifpərvəri, yazıçısı və şairi, Azərbaycan tarixinə həsr olunmuş ilk «Gülüstani-irəm» elmi-tədqiqat əsərinin müəllifidir. Həmin əsərdə A.Bakıxanov Azərbaycanın və Dağıstanın tarixini gözəl tədqiq edib.  Bir çox dünya klassiklərinin əsərlərinin tərcüməsi ilə də məşğul olmuşdur.
Bakıxanovlar nəsli indi də yaşayıb-yaradır. Məmmədxan Bakıxanov gözəl tarzən idi. Xalqımız Azərbaycanın xalq artisti, musiqimizin mahir bilicisi Əhməd Bakıxanovun adını həmişə iftixar hissi ilə  çəkir. Bəstəkar Tofiq Bakıxanov, Zivər xanım Bakıxanova və Məmmədrza Bakıxanovlar bu gün də Azərbaycan musiqisini sevə-sevə təbliğ edirlər.
Hal-hazırda Əmircanda A.Bakıxanovun adına böyük  kitabxana, küçə və bir xiyaban var, burada onun xatirəsinə  abidə  ucaldılıb.
Mirzə Axund Əbu Turabi Əmircanın mütərəqqi fikirli adamlarından biri olmuşdur. O, Bağdadda ali ruhani məktəbini bitirmiş, riyaziyyat, təbiət, coğrafiya, ədəbiyyat, məntiq elmlərini, ərəb, fars, türk, rus dillərini mükəmməl bilmişdir. Onun təşəbbüsü ilə kənddə birinci  qızlar mollaxanası açılmışdı. Mirzə Axund Turabi həmişə gələcək  nəslin qayğısını çəkmiş, onları oxumağa, savad qazanmağa çağırmışdır.
Muxtarov Murtuza  XIX əsrin ortalarında Əmircanda anadan olub. Neft sənayeçisi və milyoner olub. Əmək fəaliyyətinə adicə fəhləlikdən başlayan M.Muxtarov sonralar neft emalı texnologiyasını bilən mahir bir mühəndisə çevrilib. 1890-cı ildə onun tərəfindən yaradılan kontor qazma avadanlıqlarını təkmilləşdirərək Abşeronda 1100m dərinlikdə neft quyuları qazmağa başladı.
XIX əsrin sonunda  o, Bibiheybətdə  və  Rusiyada ilk  neft qazma avadanlıqlarını istehsal edən iri zavodlar tikdirmişdir.
M.Muxtarov xeyriyyəçiliklə də məşğul olmuşdur. Onun sərmayəsi ilə neçə gənc xaricdə öz təhsilini davam etdirmiş, layiqli mütəxəssis olaraq vətənə qayıtmışdır. O, 1908-ci ildə   Zivərbəy Əhmədbəyovun layihəsi əsasında Əmircanda  qoşaminarəli məscid  tikdirmiş  və bu gün həmin məscid onun adını  daşıyır. M.Muxtarov Bakıda, Kislovodskidə, Florensiyada, Rusiyanın və Avropanın bir sıra şəhərlərində memarlıq sənətinin gözəl incilərindən olan  binalar tikdirmişdir.  Bakının abadlaşdırılmasında M.Muxtarovun böyük əməyi və sərmayəsi olmuşdur.
Əsədullayev Şəmsi 1841-ci ildə kasıb bir ailədə anadan olmuşdur. O, neft sənayeçisi və milyoner olub. Suraxanı, Sabunçu və Ramanada qazdırdığı onlarla neft quyusu ona böyük qazanc gətirib. Elm və mədəniyyətin təbliğatçılarından olan Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına  onlarla istedadlı azərbaycanlı gənc Almaniya, Fransa, Varşava, Qazan, Kiyev, Moskva, Odessa, Peterburqda  təhsil alıb. Tiflisdəki  Aleksandrov Müəllim institutunun himayədarı olub.
Zeynalov Zeynal (1876-1935) –  buruq ustası işləmiş, rus inqilabının fəalı olmuş, “Hümmət”, “İrşad” qəzetlərində   əməkdaşlıq etmiş, 1907-ci ildə Dövlət Dumasının deputatı seçilmişdir.

1934-cü ildə anadan olmuş Tofiq Bayram respublikamızın istedadlı lirik şairlərindəndir. Tofiq Bayram vətənpərvərlik,  məhəbbət haqqında gözəl  şerlər müəllifidir.  «Gərək  elə yanım», «Azərbaycan deyəndə», «Səninlə görüşəndə», «Əsrin oyunu», «Könlümdə yaşayanlar», «Məsləkim,  silahım» və bir sıra şer kitablarının müəllifidir. Tofiq Bayram 1991-ci  ildə vəfat edib,  qəsəbədə böyük bir küçəyə və parka  onun adı verilmişdir.

Bir Cavab to “Əmircan qəsəbəsi [slideshow]”

  1. zerercekmis Oktyabr 21, 2013 11:04 axşam #

    Emircani bu ilden daha yaxsi taniyiram. Teessuf ki burda gozel ve temiz insanlardan basqa natemizler de yasayir (dunyanin her yeri kimi). Bu natemiz Əmircanli deyil, qacqindir. “Yoldasim”la illerdir munasibeti olan bir “qadin”in meskenidir Emircan. Bu yerin adi cox teessuf ki mene olunan haqsizligi xatirladir. Amma eslen Bakinin kendelerinden olanlara boyuk hormetim var. Cunki onlar merd insan olurlar.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: